Respublikanın əksər bölgələrində fevral ayı havanın orta temperaturunun çoxillik iqlim normasından yüksək olması və yağıntısız hava şəraiti ilə səciyyələnmişdir.
Fevral ayı ərzində əksər aran rayonlarında və dağətəyi ərazilərdə payızlıq dənli bitkilərdə buğum köklərinin yaranması, kollanma, Sabirabadda isə gövdənin aşağı buğumunun yer səthinə çıxması fenoloji mərhələləri davam etmişdir. Kollanma mərhələsində bitkilərdə kollanma dərəcəsi Tərtərdə 3,5%, Goranboyda 4,3%, Yardımlıda 1,5% təşkil etmişdir. Yardımlıda fındıq, alma,Göyçayda alça, heyva, tut ağaclarında tumurcuqların şişməsi, Lənkəranda üzüm kollarında birinci yarpağın açılması mərhələsi, çay kollarının formalaşması müşahidə edilmişdir. Yağıntısız hava şəraiti kənd təsərrüfatı işlərinin və aqrotexniki tədbirlərin aparılması üçün əlverişli olmuş, bitkilərdə isə əlavə suvarmaya ehtiyac yaratmışdır.