01 Dekabr 2023, 15:30

Daşqın və sel hadisələrinin proqnozlaşdırılmasında “Erkən Xəbərdarlıq Sistemi”nin əhəmiyyəti

Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə dünyada baş verən təbii fəlakətlərin 80-85 %-i Dağıdıcı Hidrometeoroloji Hadisələrin payına düşür. Bu təşkilatın məlumatına görə yalnız daşqın hadisələri nəticəsində hər il dünya iqtisadiyyatına təxminən 30-50 milyard ABŞ dolları həcmində ziyan dəyir.

İqlim dəyişmələrinin təsiri nəticəsində dünyanın demək olar ki, əksər bölgəsində sel, daşqın, fırtına, qasırğa və s. təhlükəli hidrometeoroloji hadisələrin təkrarlanması və təhlükə dərəcəsi artmaqdadır. Bu səbəbdən də bu kimi hadisələrin baş verməsi nəticəsində böyük dağıntılar və insan itkisi ciddi dərəcədə artmışdır.

2023-cü ili müşahidələr silsiləsində ən ekstremal illərdən biri adlandırmaq olar. Müxtəlif ölkələrdə baş verən son hadisələr təsir gücünə və dəymiş ziyanın miqyasına görə diqqəti cəlb edir.

Azərbaycan Respublikasının ərazisi dünyada daha çox sel müşahidə edilən ərazilər sırasına daxil edilir. Respublika ərazisinin təxminən yarısını əhatə edən Böyük və Kiçik Qafqaz dağ sistemlərində sel hadisələrinin formalaşması daha intensiv baş verir.

Bu gün Azərbaycanda da sel və daşqın hadisələrinin sayı və təhlükə dərəcəsi ötən əsrlə müqayisədə xeyli artmışdır. İqlim dəyişmələrinin təsiri ilə bu hadisələr nəinki ilin yağıntılı dövrlərində baş verir, son dövrlərdə həm də onlar tez-tez ilin quraq dövrü olan yay aylarında da intensiv baş verir. Ayrı ayrı günlərdə düşən yağıntının miqdarı bir çox hallarda aylıq normadan yüksək olar.

Son illər ölkə ərazisində sel və daşqın hadisələri il ərzində 50 dəfədən də çox, 2023-cü ildə isə 147 dəfə baş vermişdir ki, bu da 2021-ci il ilə müqayisədə 3,5 dəfə, 2022-ci il ilə müqayisədə isə 2,9 dəfə çoxdur. Aylıq normadan çox yağış düşən günlər yay dövründə dəmək olar ki, ölkənin əksər bölgələrində müşahidə olunur.
BMT-nin Baş katibi tərəfindən 2027-ci ilə qədər “hər kəs erkən xəbərdarlıq sistemi ilə əhatə olunmalıdır” beynəlxalq təşəbbüsü irəli sürülmüşdür.

Odur ki, bütün ölkələrin meteoroloji xidmətlərinin qarşısında duran vəzifə, həmin xəbərdarlıqları daha əlçatan, məqsədyönlü, ərazini əhatə etmənin yüksək dəqiqliyi və mümkün nəticələrin proqnozu ilə verilməsidir.

Azərbaycanda erkən xəbərdarlıq sistemlərinin təkmilləşdirilməsi istiqamətində işlər aparılır. Erkən xəbərdarlıq sisteminin tətbiqinə bir neçə il əvvəl Şamaxı və Göygöl rayonunda 2 ədəd dopler radar sisteminin quraşdırılması ilə başlanılıb. Həmin radar sistemləri vasitəsilə gündəlik olaraq atmosferdə baş verən dəyişikliklərin müşahidəsi aparılır. Yağıntıların miqdarı, küləyin sürəti, eyni zamanda, dolu və digər atmosfer hadisələri ilə bağlı müşahidə olunan digər məlumatlar mütəmadi olaraq Situasiya Mərkəzinə daxil olur. Eyni zamanda Erkən xəbərdarlıq sisteminin yaradılması istiqamətində 53 meteoroloji, 40 hidroloji avtomat stansiya quraşdırılıb və həmin stansiyalardan məlumatlar mütəmadi olaraq Situasiya Mərkəzinə yönləndirilir. Mərkəzdə bütün məlumatların mərkəzləşdirilmiş şəkildə yığılması və onların operativ şəkildə emalı prosesi həyata keçirilir. Həmin proses nəticəsində alınan məlumatlar əsasında proqnozlar hazırlanır. Həmçinin, hidrometeoroloji şəbəkənin fəaliyyətinə nəzarət etmək məqsədilə quraşdırılmış 37 ədəd müşahidə kamerasından alınan məlumatlar da Situasiya Mərkəzində vizuallaşdırılaraq baş verən hidrometeoroloji proseslərin, atmosferdə, çaylarda olan dəyişikliklərin müşahidəsi canlı izlənilir. Situasiya Mərkəzində hidrometeoroloji proqnozlar hazırlanaraq həm ictimaiyyətə, həm də aidiyyəti dövlət qurumlarına gündəlik olaraq ötürülür. Həmçinin Qarabağ və Şərqi Zəngəzurda da hidrometeoroloji şəbəkənin genişləndirilməsi istiqamətində işlər aparılır. Həmin ərazilərdə 11 hidroloji və 5 meteoroloji stansiya fəaliyyət göstərir. Stansiyalardan məlumatlar gündəlik olaraq Milli Hidrometeorologiya Xidmətinin Situasiya Mərkəzinə ötürülür.

Hidroloji monitorinq şəbəkəsi 45 faiz avtomatlaşdırılaraq 40 ədəd avtomat stansiya quraşdırılıb. Avtomat stansiyalar çaylarda su ehtiyatlarının vəziyyətini istənilən an qiymətləndirməklə yanaşı, eyni zamanda gün ərzində çayda baş vermiş dəyişiklikləri quraşdırılmış videokamera vasitəsilə də izləmək imkanı verir. Həmin məntəqələrdə fasiləsiz monitorinqlərin aparılması təhlükə yarada bilən hidroloji hadisələrin izlənilməsi, intensivliyinin müəyyən edilməsi, xüsusilə sel və daşqın hadisələrinə dair proqnozların səmərəliyini artırması sahəsində imkanlarımızı genişləndirir.