
05 Fevral 2021, 13:40
Həmkarımız beynəlxalq sertifikata layiq görülmüşdür
AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr departamentinin müdiri Fuad Hümbətov bu yaxınlarda nüfuzlu GHG Management İnstitute tərəfindən iki beynəlxalq sertifikata layiq görülmüşdür.
Belə ki, BMT-nin Iqlim Dəyişmələri Çərçivə Konvensiyası (UNFCCC) katibliyinin təşkilatçılığı ilə GHG Management İnstitute tərəfindən 2020-ci ilin sonunda təşkil edilmiş İPPU (Sənaye prosesləri və digər sənaye məhsulları) sektoru üzrə İstilik Effekti Yaradan Qazların inventarlaşdırılması üzrə beynəlxalq təlimlərdə iştirak etmiş Fuad Hümbətov onları yüksək göstəricilərlə (92%) başa vuraraq qeyd olunan sahə üzrə beynəlxalq ekspert sertifikatlarla təltif edilmişdir. Qeyd edək ki, o, hazırda qeyd olunan sektor üzrə bu professionallıq sertifikatına layiq görülmüş ölkədə ilk və yeganə mütəxəssisdir. Bundan əvvəl, o, BMT-nin Iqlim Dəyişmələri Çərçivə Konvensiyası (UNFCCC) katibliyi tərəfindən İqlim dəyişmələrinin təsirlərinin azaldılması (mitiqasiya) üzrə təşkil edilmiş təlimləri uğurla başa vuraraq, mitiqasiya üzrə beynəlxalq auditor sertifikatına layiq görülmüşdür. Məlumat üçün əlavə edək ki, Fuad Hümbətov eyni zamanda AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosentidir, riyaziyyat üzrə fəlsəfə doktorudur, iki monoqrafiya, 50-ə yaxın elmi məqalənin müəllifidir. O, həm də uzun müddət AR XİN-də çalışmış, ölkəmizi xarici ölkələrdə təcrübəli diplomat kimi layiqincə təmsil etmişdir.
https://az.wikipedia.org/wiki/Fuad_H%C3%BCmb%C9%99tov_(diplomat)