01 İyun 2022, 19:00

Dəyişkən maydan sonra iyunda bizi necə hava gözləyir?

Bu ilin may ayı ölkə ərazisində hava-iqlim dəyişkənliyi ilə daha çox fərqləndi.
 
 İsti və soyuq atmosfer cəbhələrinin növbəli şəkildə ərazimizə müdaxiləsi nəticəsində hava şəraiti qeyri-sabit, yağıntılı olmuş, dağlıq ərazilərdə qar yağmışdır.
 
Yalnız temperaturun dəyişkənliyində may ayının necə təzadlı keçməsini göstərmək olar. Belə ki, ay ərzində temperatur 14 gün iqlim normasından 4.5 dərəcəyədək yüksək, 15 gün isə iqlim normasından 3.0 dərəcəyədək aşağı, və yalnız 2 gün norma daxilində olmuşdur.       
  
Temperatur amplitudası isə 22 dərəcədən artıq olub: ən minimal temperatur mayın 13-də 10.3 dərəcə isti, ən yüksək temperatur mayın 31-də 32.5 dərəcə isti qeydə alınıb.
 
Ayrı-ayrı günlərdə ildırım-dolu prosesi qeydə alınıb: 17 dəfə dolu yağıb.
 
 Müqayisə üçün 2000-ci ilədək ildə cəmi 4-5 sel hadisəsi qeydə alınırdısa, bu ilin yalnız bir ayı olan mayda leysan xarakterli intensiv yağıntı nəticəsində sel-daşqın hadisələri 18 dəfə baş vermişdi.
 
Mayın 31-də isə ölkəni əhatə edən nisbətən yüksək təzyiq sahəsi, cənubdan zəif hava axınları mülayim küləksiz, yağmursuz hava fonunda, Göygöldə yerləşən Dopler radar vasitəsi ilə sayılı saatlar ərzində ölkənin qərbində lokal ərazini əhatə edən bulud sisteminin yaranması saat 12:00 radələrindən izlənməyə başladı, saat 14:00-15:15 radələrində isə yağan leysan yağış nəticəsində Gədəbəy rayonu Çalburun kəndindən sel keçdi. Bu cür hadisələr, son zamanlar gözlənilmədən baş verir və onları yalnız bir neçə saat öncədən yeni texnologiyaların tətbiqi ilə izləmək mümkün olur.
 
Digər illərdən fərqli olaraq yağıntılı günlərin sayı daha çox olmuş, yağıntılar ölkə ərazisində qeyri-bərabər paylanmış, bəzi yerlərdə isə normadan çox olmuşdur.
 
Düşən yağıntının miqdarı: Bakıda və Abşeron yarımadasında aylıq normanın 126-190%-i, Daşkəsəndə 119% , Altıağacda 149%, Zaqatalada 161%, Qubada 172%, Şəkidə 191%, Qobustan 194%, Balakəndə 201%, Şamaxıda 212%, Qəbələdə 221%, Oğuzda 249%, Hacıqabulda 102%, İmişlidə 122%, Bərdə 144%, Yevlaxda 159%, Kürdəmirdə 179%, Lənkəranda 127%, Lerikdə 206% olmuşdur.
 
Qar örtüyünün hündürlüyü: Şahdağda 45 sm, Qrızda 15 sm, Xınalıqda 14 sm olub, küləyin sürəti 20 gün 15 m/s-dən çox olub.
 
İyun ayı ilin ən uzun günləri ilə fərqlənir. Bununla bərabər havanın hərarəti də tədricən yüksəlir və adətən may ayına nisbətən 4-5° yüksək olur.
 
Son 21 il ərzində ən isti iyun 2019-cu ildə müşahidə edilib. Bakıda havanın orta aylıq temperaturu 27.0 dərəcə isti təşkil etmişdir ki, bu da iqlim normasından 4.0 dərəcə yüksəkdir. 
 
2020-ci il iyunun 03-də Bakıda havanın temperaturu 40.4 dərəcə, 2021-ci il iyunun 26-da 41.2 dərəcə isti olub ki, bununla da, mütləq maksimum temperatur təzələnmişdir.
 
Son 21 il ərzində isə ən sərin iyun 2003-cü ildə müşahidə edilib, iyunun 06-da minimal temperatur Bakıda cəmi 12.6 dərəcə isti olub.
 
Ümumilikdə son 21 il ərzində iyun ayında 16 il havanın aylıq temperaturu iqlim normasından 4.0 dərəcəyədək yüksək, 5 il isə normadan 1.5 dərəcəyədək aşağı olmuşdur. İqlimin istiləşməsini bütün fəsillərdə müşahidə edirik.
 
Hazırda havanın temperaturu iqlim normasından 4 dərəcəyədək yüksəkdir, bu həftənin sonunadək mülayim isti hava şəraiti davam edəcək.