
26 Aprel 2022, 12:30
Yaz fəslində aparılan aqrometeoroloji müşahidələrə dair
Hal-hazırda yaz fəslindəyik. Yazın gəlişi ilə bütün canlı təbiət yenidən oyanmağa başlayır. Günəş öz şüalarını səxavətlə Yer üzərinə səpələyir, təbiət canlanır, insanlar daha gümrah və fəal olurlar. Əriyən qar suları çaylara və göllərə axır, çaylarda su bolluğu yaranır. Havada yeni yarpaq və torpaq ətri duyulur. Yenicə baş qaldırmış bahar gülləri cığırları bəzəyir.
Yazın gəlişi ilə havanın və torpağın temperaturu artır, bütün bitkilər qış yuxusundan oyanır və şirələnir. Tezliklə tumurcuqlar cücərir, çiçəyə və yaşıl yarpaqlara çevrilir. Yazın ilk başlanğıcında alça, ərik, tut, albalı, şaftalı ağacları sonrakı dövrdə isə alma, armud, heyva, nar, xurma ağacları çiçəklənməyə başlayır. Temperatur 10-150 - ni keçdikdə meyvələrin formalaşması baş verir.
Payız aylarında səpilmiş dənli bitkilərdə də inkişaf başlayır və ardıcıl olaraq kollanma, buğumbağlama, gövdənin aşağı buğumunun yer səthinə çıxması mərhələləri baş verir.
Yazda pambıq, qarğıdalı, günəbaxan kimi texniki bitkilərin, kartof, pomidor, xiyar, noxud, lobya, kələm, qarpız, yemiş və digər tərəvəzlərin əkilməsi üçün sahələr şumlanır, toxumlar səpilir və şitillərin yerə basdırılması işləri aparılır.
Yazda Respublika ərazisindəki kənd təsərrüfatı bitkilərinin vəziyyəti aqrometeoroloji müşahidələr əsasında öyrənilir. Bu müşahidələr hazırda bir sıra rayonları əhatə edən 37 stansiya və məntəqədə aparılır. Havanın orta, maksimal, minimal temperaturları, torpaq səthinin və müxtəlif dərinliyinin temperaturları, torpağın rütubətliyi, yağıntının gündəlik və dekadalıq miqdarı, küləyin sürəti, nisbi rütubətlik, qarın vəziyyəti kimi meteoroloji göstəricilər üzərində meteoroloji müşahidələr aparılır. Əldə olunan məlumatların təhlili nəticəsində yazda havanin orta sutkalıq temperaturunun 0°,5°,10°,15°- dən keçmə tarixləri və həmin temperaturların cəmi, şaxtasız dövrün başlanması və bitməsi, quraq günlərin sayı, ən isti ayda havanın orta temperaturu, havanın mütləq minimum temperaturlarının orta kəmiyyəti, qar örtüyünün maksimimum hündürlüyü, qar örtüyünün yaranma tarixləri təyin edilir.
Meyvə və tərəvəz, buğda, arpa, pambıq, qarğıdalı, üzüm, çay bitkilərinin inkişaf mərhələləri və onların vəziyyəti qiymətləndirilir, sahələrdə yerinə yetirilmiş aqrotexniki tədbirlər ilə bağlı qeydlər aparılır.